şənbə 22 noyabr 2025 - 22:25
Həzrət Fatimə (s.ə.) idarəçilikdə və cəmiyyətin islahında ideal və kamil bir nümunə idi

Hövzə/ Höccətül-İslam vəl-müslimin Xosrovpənah bildirdi ki, Həzrət Fatimə (s.ə.) rəhbərliyi yalnız siyasi hakimiyyəti əhatə etmir. O vurğulayıb ki, Peyğəmbərin (s) vəfatından sonra Həzrət Fatimənin (s.ə) səyləri cəmiyyətin islahı və əxlaqi yönləndirmə üzərində qurulmuş, incə idarəçilik və dönüşüm yaradan rəhbərlik nümunəsini açıq şəkildə nümayiş etdirir.

Hövzə Xəbər Agentliyinin Məşhəd müxbirinin məlumatına görə, Məşhəd şəhərində yerləşən Rəzəvi Gənclər İnstitutunda Həzrət Fatimənin (s.ə) əzadarlıq mərasimində İslam İnqilabının Ali Mədəniyyət Şurasının katibi Höccətül-İslam vəl-müslimin Əbdülhüseyn Xosrovpənah iştirakçıların qarşısında Həzrət Fatimənin (s.ə) rəhbərlik nümunəsini şərh edib. O, qeyd edib ki, bəziləri sual verə bilər: Həzrət Fatimə (s.ə) hökumətə sahib idilər ki, rəhbərlik nümunəsindən danışaq? Həqiqətən, Peyğəmbərin (s) vəfatından sonra siyasi hakimiyyət Əmirəl-mömininə (ə) təhvil verilmişdir və Həzrət Fatimənin (s.ə) əlinə siyasi hakimiyyət keçməmişdir.

O əlavə edib ki, hətta Həzrət Fatimənin (s.ə) vilayəti sayəsində, imamət  On İki İmamın idi. Buna görə də burada söhbət siyasi hakimiyyətdən yox, bir növ “incə texnologiyadan” gedir. Məqsəd mövcud vəziyyəti ideal vəziyyətə doğru dəyişdirməkdir. Yəni cəmiyyətin və insanın islahı üçün ağıllı idarəçilikdir.

Höccətül-İslam vəl-müslimin Xosrovpənah bu anlayışı açıqlayaraq bildirib: müasir mənada rəhbərlik dəyişiklik texnologiyasıdır. Bu texnologiyanın idarəedicisi mövcud vəziyyəti ideal vəziyyətə doğru yönəltmək istəyir. Sadə bir nümunə olaraq deyə bilərik ki, əgər bir cəmiyyətdə gənclərin namaza və dini məsələlərə marağı azdırsa, planlaşdırma və tədbir ilə bu vəziyyət dəyişdirilə bilər. Və ya əgər bir bölgədə narkotik maddələrə meyl yüksəkdirsə, bu meyli azaltmaq üçün proqram hazırlanmalıdır. Nəticə tam əldə edilməsə də, hər bir addım islah yönündə rəhbərlik hesab olunur.

O əlavə edib: Ərəb dilində rəhbərlik “حکمر” adlanır, ingilis dilində isə “Governance” termini istifadə olunur və məqsədi mövcud vəziyyəti ideal vəziyyətə yaxınlaşdırmaqdır. Buna görə də Həzrət Fatimənin (s.ə) rəhbərlik nümunəsindən danışarkən siyasi hakimiyyətdən yox, onun cəmiyyəti və insanları islah etmək üçün istifadə etdiyi strategiyalar, davranış və fəaliyyətlər nəzərdə tutulur.

İslam İnqilabının Ali Mədəniyyət Şurasının katibi Peyğəmbərin (s) vəfatından sonra vəziyyəti belə izah edib: Peyğəmbər (s) 23 illik risaləti boyunca cahiliyyət cəmiyyətini dəyişdirdi və böyük inqilab yaratdı, lakin bəzi problemlər hələ də qalırdı. Bəzi insanlar nifaq və ürək xəstəliklərinə malik idilər. Yəni zahirdə imanlı görünürdülər, lakin həqiqi iman ürəklərində mövcud deyildi. Bu səbəbdən cəmiyyəti islah etmək və onu düzgün yönəltmək üçün növbəti addıma ehtiyac var idi ki, bu rol Həzrət Fatimə (s.ə) tərəfindən üzərinə götürüldü.

O davam edib: Peyğəmbər (s) 23 illik risalətində Salman, Əbuzər, Miqddad və Əmmar kimi şəxsləri yetişdirdi və onları ali məqamlara çatdırdı, lakin bütün cəmiyyət belə deyildi. Bəzi insanlar zahiri imana malik idilər, lakin ürəkləri xəstə idi. Bu ürək xəstəlikləri qısqanclıq, kin, rəqib qətlləri, hakimiyyət istəyi və sərvət toplama kimi xüsusiyyətləri əhatə edirdi ki, bu da vilayət və həqiqəti qəbul etməyə mane olurdu.

Höccətül-İslam vəl-müslimin Xosrovpənah nümunələr gətirərək bildirib: Bu ürək xəstəlikləri kiçik sosial səviyyədə, məsələn, tacirlər və universitet müəllimləri arasında rəqabətlilik kimi, böyük səviyyədə isə haqq və vilayəti kənarlaşdırmaq və Əmirəl-möminin Həzrət Əliyə (ə) qarşı çıxmaq kimi görünə bilər. Bəzi insanlar şəhadət kəlmələrini tələffüz etsələr də, ürəkləri xəstə idi və bu xəstəlik dini və əxlaqi öhdəlikləri yerinə yetirməyə mane olurdu.

O, Həzrət Zəhranın (s) cəmiyyətin islahındakı həlledici rolunu vurğulayaraq bildirdi ki, Həzrət Zəhra (s) insanların qəlbində yaranmış mənəvi xəstəlikləri sağaltmaq, cəmiyyətin əxlaqi zədələrini bərpa etmək və dəyişimin əsasını qoymaq üçün böyük fədakarlıq göstərmişdir. Onun idarəçilik irsinin ən mühüm nümunələrindən biri Fədəyin ədalətli şəkildə idarə olunması idi. Əgər Fədək Həzrət Zəhra (s) və Əmirəl-möminin Əlinin (ə) ixtiyarında saxlanılsaydı, ehtiyac sahiblərinin təminatında mühüm rol oynayar, Əhli-Beytin iqtisadi gücü isə cəmiyyətin siyasi dirçəlişinə çevrilə bilərdi.

O qeyd etdi ki, bütün bu iqtisadi imkanlara baxmayaraq, Həzrət Zəhra (s) və Əmirəl-möminin Əli (ə) son dərəcə sadə, təqva dolu bir həyat sürür­dülər. Bu isə açıq-aşkar göstərirdi ki, Həzrət Fatimənin (s.ə) məqsədi nə dəbdəbə, nə hakimiyyət iddiası, nə də sərvət toplamaq idi. Əsas hədəf cəmiyyətin islahı, insanlara xidmət və ehtiyaclıların yükünü yüngülləşdirmək olmuşdur. Fədəkin iqtisadi potensialının məhz bu istiqamətə yönəldilməsi fatimi idarəçilik modelinin canlı və parlaq nümunəsi idi.

İslam İnqilabının Ali Mədəniyyət Şurasının katibi, Peyğəmbərin (s) vəfatından sonra cəmiyyətdə yaranmış çətinliklərə toxunaraq bildirdi ki, birinci xəlifənin hakimiyyətə gələr-gəlməz atdığı ilk addım Fədəyi Həzrət Zəhradan (s) almaq olmuşdur. Bu hadisə həm siyasi rəqabətin mahiyyətini göstərir, həm də insanın nə qədər dindar və ibadət sahibi olsa belə sərvət və hakimiyyət qarşısında sınanmağa məruz qala biləcəyini xatırladır.

O, Zübeyr ibn Əvvamın taleyindən danışaraq vurğuladı ki, Zübeyr Peyğəmbərin dövründə imanlı, cəsur, vilayətə bağlı bir şəxs idi. Döyüş meydanlarında geri çəkilməz, Əmirəl-möminini (ə) qorumaqda fədakarlıq göstərərdi. O, hətta Səqifə hadisəsinə etiraz etmək üçün Əlinin (ə) evinə gedən on iki nəfərdən biri idi. Zübeyr nə münafiq idi, nə də “qəlbində xəstəlik olanlardan” sayılırdı. Lakin zaman keçdikcə sərvət, hakimiyyət və dünya ehtirası onun qəlbini dəyişdirdi. Belə ki, bir vaxtlar Əli (ə) uğrunda vuruşan Zübeyr sonradan Cəməl savaşında onun qarşısında dayanacaq qədər xəstəlik və tərəddüdə düçar oldu.

Höccətül-islam Xosrovpənah sözlərini belə yekunlaşdırdı: Qurani-Kərimdə işlədilən “qəlblərində xəstəlik olanlar” ifadəsi yalnız münafiqlərə aid deyil. Bəzən insan zahirdə mömin olar, namaz qılar, dini hökmlərə əməl edər, lakin qəlbində gizlənmiş həsəd, tamah, hakimiyyət hərisliyi və digər rəzil sifətlər onu haqq və ədalət yolundan uzaqlaşdıra bilər. Bu mənəvi xəstəliklər insanın daxilində görünməz şəkildə kök salaraq onu yanlış qərarlara, haqsız mövqelərə və zülmün tərəfinə aparır.

O, Qurani-Kərimin ayələrinə istinad edərək bildirdi ki, Bəqərə surəsinin 8–10-cu ayələrində zahirdə iman gətirmiş kimi görünən, lakin qəlblərində xəstəlik olan insanlar təsvir edilir. Bu şəxslər iman iddiasında olsalar da, qərar verməkdə və doğru davranış göstərməkdə tərəddüd və zəiflik yaşayırlar. Maidə surəsinin 52-ci ayəsində də qeyd olunur ki, bəzən zəifqəlbli möminlər, bütün zahiri imanlarına baxmayaraq, qısa müddətdə haqq düşmənləri ilə yaxınlıq qururlar, lakin Allah öz iradəsi ilə onları yenidən doğru yola qaytarır və islah edir.

İslalam İnqilabın Ali Mədəniyyət  Şurasının katibi, Peyğəmbərdən (s) sonra cəmiyyətin vəziyyətinə toxunaraq əlavə etdi ki, həmin dövrdə insanlar üç qrupa ayrılırdı: Birincisi, həqiqi münafiqlər; ikincisi, iman sahibi olmaqla yanaşı, qəlbi xəstəliklərlə dolu olanlar, yəni “fi qulubihim mərəz” adlandırılan zəif imanlılar. Üçüncüsü isə qorxu və təşviş yayan, cəmiyyətin psixoloji sabitliyini pozan münafiqköklü insanlardır.

O, Həzrət Fatimeyi-Zəhranın (s) bu cəmiyyətlə qarşı-qarşıya durduğunu bildirərək vurğuladı ki, həmin insanlar münafiq olmasalar da, qəlblərindəki qorxu, tərəddüd və zəiflik səbəbilə haqqı və vilayəti müdafiə etməyə iradə göstərmirdilər. Bu zəiflik və qorxaqlıq nəticəsində bəzi şəxslər Əmirəl-möminin Əlinin (ə) və Həzrət Zəhranın (s) evinə hücum etməkdən belə çəkinmədilər ki, bu da sonda Həzrət Zəh­ra­nın (s) şəhadətinə aparan hadisələrin zəmini oldu. İmam Kazımın (ə) buyurduğu kimi: “İmamın anası, Siddi­qə Şəhiddir. İznsiz evə daxil oldular və onu döyüb incid­dilər.”

O, Qurani-Kərimin ayələrinə elmi yanaşma ilə diqqət çəkərək bildirdi ki, Əhzab surəsinin 49 və 60-cı ayələri, eləcə də Nur surəsinin 50-ci ayəsi insanları üç kateqoriyaya bölür: Münafiqlər, qəlbi xəstəlik daşıyanlar və qorxu yayıb cəmiyyətin psixoloji sabitliyini pozanlar. Bu təsnifat göstərir ki, zahirdə mömin görünən bir çox insanlar təzyiq və təhlükə zamanı iradəsizlik və narahatlıq içində davranaraq cəmiyyətin mənəvi sabitliyini sarsıda bilirlər.

Höccətul-İslam Xosrovpənah tarixi təcrübədən çıxış edərək vurğuladı ki, Həzrət Zəhra (s) Peyğəmbərin (s) risalətini davam etdirmək və cəmiyyəti sağaltmaq üçün bu müxtəlif qruplarla üz-üzə gəlməli idi. Möminlərin, münafiqlərin, qəlbi xəstəlik daşıyanların, qorxu yayanların və tərəddüd içində olanların bir arada olduğu bir cəmiyyət yalnız xüsusi bir idarəçilik modeli ilə islah edilə bilərdi. Həzrət Zəhra (s) öz imanı, cəsarəti və uzaqgörənliyi ilə bu dəyişimin əsaslarını qoydu və cəmiyyətin islahına gedən yolu açdı.

O, müasir nümunələrə də işarə edərək qeyd etdi ki, bu gün də bəzən iman sahibi olan şəxslər qəlbi zəiflik, tərəddüd və sosial qorxu səbəbilə elə davranışlar sərgiləyirlər ki, bu davranışlar cəmiyyətin psixoloji və sosial təhlükəsizliyinə zərər vurur. Həzrət Zəhranın (s) ayıq, düşüncəli və mərd yanaşması bu gün də cəmiyyətin islahı, mənəvi tərbiyəsi və iman zəifliyi ilə mübarizə üçün nümunə olmalıdır.

Sonda  İslam İnqilabının Ali Mədəniyyət Şurasının katibi vurğuladı ki, Həzrət Zəhra (s) kamil bir idarəçilik nümunəsi idi. O, möminlərin, münafiqlərin, qəlbi xəstəlik daşıyanların və qorxu yayanların bir araya toplandığı mürəkkəb bir cəmiyyəti islah etməyə qadir oldu və onu Peyğəmbərin (s) qoyduğu hədəflərə doğru yönəltdi. Həzrət Fatimənin (s.ə) müdafiəsinin mahiyyəti xalqın qəlbini, əxlaqını və davranışlarını saflaşdırmaqdan ibarət idi. Məqsədi isə cəmiyyətin köklü şəkildə islahı və ilahi dəyərlərin möhkəmlənməsi idi.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha